top of page
Search

Dağçılığa İlk Addım: Təlim və Təhlükəsizlik

  • Writer: Nezrin Abbasova
    Nezrin Abbasova
  • 5 days ago
  • 3 min read

“Təbiət səni qorxutmaq üçün yox, hazırlıqsızlara həqiqəti göstərmək üçündür.”

– dağ yolçusu deyimi

Dağçılıq – yalnız zirvəyə qalxmaq deyil, həm də özünü, gücünü və təbiətlə münasibətini yenidən dərk etməkdir.

Hər bir dağ yürüşü, düzgün hazırlıq və biliklərlə təhlükəsiz və zövqlü bir macəraya çevrilə bilər. Bu məqsədlə keçirilən “Dağçılığa İlk Addım: Təlim və Təhlükəsizlik” layihəsi yeni başlayanlara nəzəri və praktiki bilikləri aşılamaq üçün təşkil olundu.


Təbiətin Dəvəti – Hazırlıqlı Addım

Dağlara çıxmaq bir çağırışdır – bəzən sükutun içində özünü tapmaq, bəzən də zirvəyə doğru addım-addım içindəki gücü kəşf etmək. Lakin bu yol heç də təsadüfi və ya plansız başlanmamalıdır. Təbiət möhtəşəmdir, amma eyni zamanda nə qədər amansız ola biləcəyini də unutmamaq lazımdır.


Təlim zamanı dəfələrlə vurğulandı ki, dağçılıq – sadəcə fiziki güc deyil, məsuliyyət, hazırlıq və daxili balans tələb edən bir fəaliyyətdir. Yaxşı hazırlıqlı bir dağçı hava şəraitindən tutmuş, istifadə etdiyi ipin düyününə qədər hər detalı düşünür.


Təlimin Məqsədi

Təlim iştirakçılarına dağçılıqla bağlı əsas biliklərin ötürülməsi, real vəziyyətlərə hazır olmaları və düzgün qərarvermə bacarığı qazandırmaq məqsədi daşıyırdı. Təbiətdə olan gözəlliklər qədər risklər də nəzərə alınmalıdır – və bu, yalnız biliklə mümkündür.


Təlimdə əhatə olunan mövzular:

  • bələdçilik;

  • çantanın düzgün yığılması;

  • düzgün qidalanma;

  • geyim və texniki ləvazimatlar;

  • düşərgə seçimi və qurulması;

  • ilkin yardım və evakuasiya;

  • praktiki məşğələlər

Düzgün Bələdçi Necə Olmalıdır?

Bələdçi sadəcə marşrutu tanıyan biri deyil – o, həm də lider, motivator və fövqəladə hallarda ilk reaksiyanı verən şəxsdir.


Yaxşı bələdçi:

  • Qrupun fiziki və psixoloji durumunu nəzərə alaraq temp müəyyənləşdirir;

  • Ərazini və hava şəraitini əvvəlcədən öyrənir, marşrutu planlaşdırır;

  • Fövqəladə hallarda soyuqqanlı qərar verir, alternativ yolları bilir;

  • Hər bir iştirakçıya fərdi yanaşır, zəifləri motivasiya edir, güclüləri balanslaşdırır;

  • Təbiətə və yerli mədəniyyətə hörmətlə yanaşır;

  • Əsas təhlükəsizlik qaydalarını daim xatırladır və tətbiq edir.


Şəkil 1. Çantanın yığılması.
Çantanın Düzgün Yığılması
  • Çəkinin bərabər bölüşdürülməsi;

  • Əlçatan və zəruri əşyaların (ilk yardım dəsti, su, yağışlıq) önə çəkilməsi;

  • Əsas avadanlıqlar: dağ çantası, mat, yataq kisəsi, çadır, dırmanma ipi, yemək bişirmə dəsti, sıxılan qablaşdırma çantaları.



Şəkil 2. Qidalar.

Qidalanma və Su Təminatı

  • Təbiət üçün uyğun: yüngül, kalorili, az yer tutan və tez bişən qidalar (quru meyvə, enerjili bar, makaron, yulaf);

  • Ən əsas qida – SU: ehtiyat daşınması, təmizlənməsi, israfın qarşısı.



Texniki Geyim və Ləvazimatlar
  • Ayaq geyimi (dağ yürüşü üçün uyğun bot), texniki geyimlər, əlcəklər, su keçirməz təbəqə;

  • İp düyünləri və onların istifadəsi (sığortalama, daşıma, çadır qurmaq üçün);

  • Dırmanma altlıqları, sığorta qurğuları, baş fənərləri.


Düşərgə Seçimi və Qurulması
  • Küləkdən qorunan, torpaq bərkliyi olan, suya yaxın, lakin təhlükəsiz məsafədə ərazi seçimi;

  • Çadırın düzgün qurulması, gecə təhlükəsizlik qaydaları və ətrafın qorunması.


Yürüyüş və Dırmanma Texnikası
  • Sürət və ritmin balanslaşdırılması, istirahət intervalları;

  • Enli-çıxışlı ərazilərdə ayaq basma texnikası;

  • Qrupdaxili məsafə və qarşılıqlı dəstək.


İlkin Yardım və Fövqəladə Hallar
  • Fövqəladə vəziyyətlərdə (hipotermiya, susuzluq, zədələnmə) davranış qaydaları;

  • Qapalı masaj və süni nəfəsin verilməsi;

  • Yaralıya psixoloji yardımın göstərilməsi;

  • Xərəyin düzəldilməsi və evakuasiya üsulları;

  • Sığorta vasitələrinin istifadəsi, fövqəladə siqnal metodları.


Praktiki Məşğələlər

Təlimdə nəzəri biliklərlə yanaşı, praktiki məşğələlərə də xüsusi önəm verildi.


Təlimçilər
  • Müşfiq Səmədli – Azərbaycan Alpinizm Federasiyasının idarə heyətinin üzvü, alpinist, dırmanma idmanı üzrə məşqçi

  • Fərid Mustafayev – turizm mütəxəssisi, bələdçi, təlimçi, bloqer

  • Fərid Səlimov – idman həkimi, ilkin yardım


İştirakçılardan Sitatlar

"Əvvəllər sadəcə yürüşə çıxırdım. Amma indi başa düşürəm ki, dağçılıq bunun çox daha dərin və məsuliyyətli bir formasıdır."– Məhəmməd, iştirakçı


"Təlimdə öyrəndiyim ilk yardım bilikləri təkcə dağda yox, gündəlik həyatda da mənə lazım olacaq."– Nəzrin, iştirakçı


Bu Yalnız Başlanğıcdır

Bu təlim sübut etdi ki, dağlara çıxmaq sadəcə bir yürüş deyil – o, məsuliyyət, hazırlıq, və təbiətə dərin hörmət tələb edən bir yoldur. Doğru bilik və texnika ilə dağçılıq hər kəs üçün əlçatan və təhlükəsiz ola bilər.

Təlimin sonunda iştirakçılar yalnız biliklərlə deyil, həm də özlərinə güvən, təbiətə daha dərindən baxış və daxili sakitlik qazandılar.





 
 
 

Comentarios


bottom of page